Kimya Sənaye Parkında əlvan metallar və ferroərintilər zavodu

Xırdalan Metal Konstruksiya MMC Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Baku Non Ferrous and Foundry Company” MMC-nin əlvan metallar və ferroərintilər zavodunun metal konstruksiya işlərini həyatını keçirib. 
 
Zavodda maşınqayırmada, kənd təsərrüfatında, dağ-mədən sənayesində istifadə olunan məhsullar istehsal ediləcək. Bu məhsullar arasında yayma valları, 3D printer vasitəsilə hazırlanan detallar, dəyirman kürələri, müxtəlif növ maşın avadanlıqları üçün detallar var. Zavodun illik istehsal gücünün 12000 ton olması nəzərdə tutulub.
 
Zavodda İtaliya texnologiyası əsasında ildə 50 min ton ferrosilisium və 72 min ton ferrosilikomanqan istehsal ediləcək. Məhsullar daxili bazarın tələbatını tam ödəməklə yanaşı, xaricə də ixrac olunacaq. Bu zavodda Azərbaycan tarixində ilk dəfə olaraq ferrosilisium, ferrosilikomanqan və gələcəkdə ferroxrom da istehsal ediləcək. Bu ferroərintilərin istehsalı yüksək temperaturda manqan filizindən və kvarsitdən karbon tərkibli maddələrin vasitəsilə müvafiq olaraq manqan və silisium elementinin bərpasına və onların dəmirlə birləşmə yaradaraq kristallaşmasına əsaslanır. Ferroərintilərin istehsalı üçün lazım olan komponentlər elektrik qövslü sobada əridilərək çalovlar vasitəsilə konveyerdə qəliblərə tökülür və müvafiq fraksiyalar şəklində hazır məhsul əldə edilir. İstehsal olunmuş məhsul avtomatik paketləmə maşınında 1 tonluq kisələrə qablaşdırılır.
 
Burada istehsal olunan məhsulun keyfiyyəti bir çox beynəlxalq standartlara, o cümlədən QOST və İSO-ya uyğunlaşdırılıb. Zavodda sınaqlar quru və yaş, spektrometr vasitəsilə müxtəlif üsullarla yoxlanılır. Məhsulun keyfiyyəti spektral təhlil və kimyəvi üsulla analiz olunur. İnvestisiya dəyəri 51 milyon dollar olan zavodda 230 nəfər işlə təmin olunacaq.