Kimya Sənaye Parkında əlvan metallar və ferroərintilər zavodunun açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan, metal-konstruksiyanın hazırlanması, həmçinin quraşdırılması işləri "Xırdalan Metal Konstruksiya" MMC tərəfindən həyata keçirilən “Baku Non Ferrous and Foundry Company” MMC-nin əlvan metallar və ferroərintilər zavodunun açılışında iştirak edib.
 
Baku Steel Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin müşahidə şurasının sədri Rasim Məmmədov Prezident İlham Əliyevə əvvəlcə yaxın gələcəkdə inşası planlaşdırılan layihənin üçüncü fazası, yəni fasonlu tökmə zavodunun tikintisi barədə məlumat verdi.
 
Bildirildi ki, bu zavodda maşınqayırmada, kənd təsərrüfatında, dağ-mədən sənayesində istifadə olunan məhsullar istehsal ediləcək. Bu məhsullar arasında yayma valları, 3D printer vasitəsilə hazırlanan detallar, dəyirman kürələri, müxtəlif növ maşın avadanlıqları üçün detallar var. Zavodun illik istehsal gücünün 12000 ton olması nəzərdə tutulub.
 
Prezident İlham Əliyev əlvan metallar və ferroərintilər zavodunu işə saldı.
 
Zavodda İtaliya texnologiyası əsasında ildə 50 min ton ferrosilisium və 72 min ton ferrosilikomanqan istehsal ediləcək. Məhsullar daxili bazarın tələbatını tam ödəməklə yanaşı, xaricə də ixrac olunacaq. Bu zavodda Azərbaycan tarixində ilk dəfə olaraq ferrosilisium, ferrosilikomanqan və gələcəkdə ferroxrom da istehsal ediləcək. Bu ferroərintilərin istehsalı yüksək temperaturda manqan filizindən və kvarsitdən karbon tərkibli maddələrin vasitəsilə müvafiq olaraq manqan və silisium elementinin bərpasına və onların dəmirlə birləşmə yaradaraq kristallaşmasına əsaslanır. Ferroərintilərin istehsalı üçün lazım olan komponentlər elektrik qövslü sobada əridilərək çalovlar vasitəsilə konveyerdə qəliblərə tökülür və müvafiq fraksiyalar şəklində hazır məhsul əldə edilir. İstehsal olunmuş məhsul avtomatik paketləmə maşınında 1 tonluq kisələrə qablaşdırılır.
 
Zavodda ekoloji tələblərə uyğun, mükəmməl konstruksiyalı qaz-toz təmizləyici qurğu işə salınıb. Qaz-toz tutucu qurğuda isə istehsal prosesi zamanı ayrılan uçucu maddələr və qazlar xüsusi filtrlər vasitəsilə tutularaq təmizlənir və bərk hissəciklər islatma üsulu ilə xüsusi konveyerlərdən keçirilərək dənəvarı hala salınır. Bundan sonra həmin maddələr kisələrə yığılaraq qablaşdırılır. Bu məhsul həm satıla, həm də təkrar istehsal prosesinə qaytarıla bilər. Bütün bu maddələrdən təmizlənmiş hava kütləsi filtrlərdən keçdikdən sonra ekoloji normativ tələblərə uyğunlaşdırılır, daha sonra atmosferə buraxılır.
 
Burada istehsal olunan məhsulun keyfiyyəti bir çox beynəlxalq standartlara, o cümlədən QOST və İSO-ya uyğunlaşdırılıb. Zavodda sınaqlar quru və yaş, spektrometr vasitəsilə müxtəlif üsullarla yoxlanılır. Məhsulun keyfiyyəti spektral təhlil və kimyəvi üsulla analiz olunur. İnvestisiya dəyəri 51 milyon dollar olan zavodda 230 nəfər işlə təmin olunacaq. Zavod 2016-cı ilin fevralında rezident kimi qeydiyyata alınıb. Layihənin əsas təyinatı metallurgiya sənayesində son məhsulun istehsalı üçün tələb olunan ferroərintilərin lazımi səviyyədə təmin edilməsi və həmin sənaye sahəsinin idxaldan asılılığının nisbətən aradan qaldırılmasıdır.
 
Dövlətimizin başçısı müəssisənin istehsal prosesi ilə tanış oldu.