İqtisadiyyat naziri Şahin Mustafayev “Xırdalan Metal Konstruksiya” MMC-nin istehsal imkanlarını yüksək qiymətləndirib.

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Xırdalan Metal Konstruksiya” MMC-nin Xırdalan şəhərində yerləşən Metal Konstruksiyalar zavodunda genişmiqyaslı yenidənqurma-inşaat işləri aparıldıqdan və müasir avadanlıqlarla təchiz olunandan sonra ən müasir standartlar səviyyəsinə çatdırılan zavodun konfrans zalında 2015-ci il dekabrın 19-da Azərbaycan Respublikasının İqtisadiyyat və sənaye naziri cənab Şahin Mustafayev və nazirliyin digər rəhbər şəxsləri - nazir müavini Niyazi Səfərov, Sənaye şöbəsinin müdiri Səməd Bəşirli və digər şəxslərdən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə “Akkord” Korporasiyasının Baş direktoru Göksel Aybek, “Xırdalan Metal Konstruksiya” MMC-nin direktoru Mustafa Məmmədov, həmçinin Korporasiyanın digər rəhbər nümayəndələri iştirak ediblər.                                                                                  

Toplantını giriş sözü ilə açan Şahin Mustafayev Azərbaycanda iqtisadiyyatın diversifikasiyasının və qeyri-neft sektorunun inkişafının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. O, ölkəmizdə son 10 ildə Ümumi Daxili Məhsul istehsalının 3 dəfə, sənaye istehsalının 2,7 dəfə, qeyri-neft sənayesinin 1,8 dəfə artdığını vurğulayaraq, Azərbaycanda iqtisadiyyatın əsas sahələrindən olan sənayenin inkişafına xüsusi önəm verildiyini bildirib.                                                      

Sənayenin ayrı-ayrı sahələrinin inkişafı barədə danışan Nazir qeyri-neft sektorunun inkişafında “Akkord” şirkətinin uğurlu fəaliyyətini qeyd edib, şirkətin tikinti-quraşdırma işləri ilə yanaşı, inşaat sektorunun tikinti materiallarına olan tələbatının yerli məhsullar hesabına ödənilməsində əhəmiyyətli rolunu vurğulayıb. O, görüşün keçirildiyi, yeni fəaliyyətə başlamış Xırdalan Metal Konstruksiyalar Zavodunun da qeyri-neft sektorunun inkişafına və ölkəmizin sənaye potensialının güclənməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.                           

Görüşdə çıxış edən “Akkord STİK” ASC-nin Baş direktoru Göksel Aybek Nazirə Korporasiyanın ümümi fəaliyyəti ilə bağlı məlumat verərək, ölkə Prezidenti cənab İlham Əliyev başda olmaqla dövlət və hökumətin, xüsusilə, İqtisadiyyat və Sənaye Nazirliyinin özəl sektorun, o cümlədən bu sektorun önəmli nümayəndələrindən biri olan “Akkord” Korporasiyasının inkişafı üçün verdiyi dəstəkdən məmnunluğunu qeyd edib. Baş direktor cari və perspektiv layihələrə diqqət çəkərək bildirib ki, artıq 10 ildən bəri sənaye və tikinti sahəsində  fəaliyyət göstərən və rəqabət qabiliyyətli məhsul istehsal edən “Akkord “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə sənayenin müxtəlif sahələrində fəliyyət göstərən 39 müəssisəni əhatə edən 15 şirkət daxildir. Korporasiyanın bir sıra xarici ölkələrdə, o cümlədən Çin, Rusiya, İran, Oman və Küveytdə nümayəndəlikləri yaradılır. Korporasiya xarici ölkələrdə reallaşdırılan və dəyəri 1,5 mlrd. dollar olan layihələrdə iştirak etmək üçün investisiya təklifi ilə çıxış edib. “Akkord”un cari tikinti layihələri üzrə portfelin ümumi dəyəri 901 mln. manatdır. Şirkət Türkiyədə hər birinin gücü 150 mvt/saat olan 3 elektrik stansiyasının tikintisi ilə bağlı müraciət edib. Bundan başqa, Cənubi Koreyanın “Hyundai” şirkəti ilə birgə İranda elektrik stansiyasının tikintisi, Qətər Əmirliyində sənaye sahəsində həyata keçiriləcək layihələrdə iştirakla bağlı danışıqlar aparılır. Bütün bunlarla yanaşı, Baş direktor həyata keçirilməsi planlaşdırılan bir sıra layihələr üzrə konkret məsələlərdə Korporasiyanın əlaqədar qurum kimi İqtisadiyyat və Sənaye Nazirliyinin daha artıq dəstəyinə ümid etdiyini də sözlərinə əlavə edib.                                                                            

Nazir Şahin Mustafayev bütün digər özəl sektor nümayəndələrinə olduğu kimi, “Akkord” Korporasiyasına da hər cür dəstək verməyə hazır olduqlarını bildirib, müxtəlif məsələlərlə bağlı məsləhət və tövsiyyələrini verib.                                                                                     

Bundan sonra istehsala hazır vəziyyətdə olan Xırdalan Metal Konstruksiyalar Zavodu cənab Nazirə təqdim olunub. Məlumat verilib ki, 5.5 ha. ərazidə yerləşən zavod Türkiyə, ABŞ, Finlandiya və Almaniya istehsalı olan və müvafiq sənaye sahəsi üzrə ən yüksək göstəricilərə malik olan avadanlıqlarla təchiz edilib. Müəssisənin aylıq istehsal gücü 1000 tondur. Zavod 3 əsas istehsal sexindən - Metal konstruksiya istehsalı sexi, Metal əritmə sexi ve Fasad üzlük istehsalı sexindən ibarətdir. Bununla yanaşı, zavodun ərazisində 2.595 m2 inzibati bina, 1.200 m2 –lik yeməkxana, qazanxana, su anbarı, nasosxana və transformator yarımstansiyası mövcuddur. Zavodun kadr heyəti bir növbəli iş rejimi üçün 450 nəfər işçidən ibarətdir. Burada ağır metal konstruksiya, sement, beton, asfalt zavodları və aqrar sektorun servis sahələri üçün müxtəlif metal konstruksiyalar - siloslar, bunkerlər, platformalar, konveyerlər, roliklər, ələklər, yerüstü keçidlər, istənilən ölçü və çeşidlərdə polad konstruksiyalar, metal mühafizə torları, beton karkas torları və hasarlar üçün profnastil məhsulunun istehsalı üçün bütün lazımi infrastruktur yaradılıb.                                        

Görüşün sonunda nazir Xırdalan Metal Konstruksiyalar Zavodunun ölkəmizin sənaye potensialının artırılması, müxtəlif metal-konstruksiya məhsulları üzrə idxaldan asılılığın azaldılması, yeni iş yerlərinin yaradılması baxımından yüksək əhəmiyyətini bir daha qeyd edib.